REGİONLAR
“Ölkəmizi tanıyaq” layihəsinə xocavəndli məktəblilər də qoşulublar


Beyləqan, 26 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən “Ölkəmizi tanıyaq” layihəsinə xocavəndli məcburi köçkünlər də qoşulublar. Xocavəndli məktəblilər tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarının tarixi, mədəniyyəti, adət-ənənələri, müasir inkişafı barədə ətraflı məlumat əldə edəcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində tur-aksiyada iştirak edən xocavəndli məktəblilərlə görüş keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavinləri Əfsanə Quliyeva və Azər Süleymanov ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması haqqında geniş məlumat veriblər. Bildirilib ki, Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Odur ki, hər bir şagird onlar üçün yaradılan bu şəraitdən istifadə etməli, getdikləri bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, təbiəti, coğrafiyası, kulinariyası, müasir inkişafı barədə geniş bilgilər əldə etməlidir.
Təhsil işçiləri və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssürat arzulayıblar.
Şagirdlər ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, sonra onlar üçün ayrılmış avtobusla yola düşüblər.