REGİONLAR
KOICA-nın ayıracağı qrant hesabına Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sistemi yaradılacaq


Beyləqan, 27 iyun, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) ayıracağı qrant hesabına xocavəndli məcburi köçkünlərin Beyləqan rayonu ərazisində məskunlaşdıqları Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sistemi qurulacaq. “Beyləqan rayonunun Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində qəsəbədə 14 kilometr uzunluğunda içməli su və 16 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Beyləqan rayonunun Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi ilə bağlı müzakirə aparmaq məqsədilə Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çang-Gyu, səfirliyin əməkdaşları, KOICA Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok və “Azərsu” ASC-nin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin Layihə idarəetmə qrupları ilə işin təşkili şöbəsinin rəisi Fuad Təhməzov Xocavənd qəsəbəsində olublar. Qonaqlar ümummilli lider Heydər Əliyevin qəsəbədəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra Xocavənd Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan və Koreya Respublikaları arasındakı dostluq münasibətlərindən danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə qonaqlara geniş məlumat verib. Bildirib ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarabağ müharibəsində rayonun 146 sakini şəhid olub, 300 nəfərdən çox insan sağlamlığını itirib. Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsini, eləcə də ətraf 7 rayonu da işğal edib, azərbaycanlılara məxsus yaşayış məntəqələri, maddi-tarixi abidələr məhv edilib, dinc əhaliyə qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirilib. Hazırda rayon əhalisi ölkənin 36 rayonunda məskunlaşıb. Son illər Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün qəsəbələr salınıb, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Lakin xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır. “Dünya ictimaiyyəti münaqişəyə ikili standartlardan yanaşır. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə, beynəlxalq hüquqa əməl olunmur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu insanların hüquqları qorunmur. Biz dünya ictimaiyyətindən ədalət istəyirik”, - deyə Eyvaz Hüseynov vurğulayıb.
Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən Kim Çanq-Gyu məcburi köçkünlərin üzləşdikləri çətinlikləri yaxşı başa düşdüyünü deyib. Ən qısa vaxtda məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını arzulayan səfir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Koreya xalqı Azərbaycanın yanındadır.
Görüş zamanı Xocavənd qəsəbəsinə su-kanalizasiya xətlərinin çəkilməsi layihəsi müzakirə edilib. Sonra qonaqlar qəsəbəni gəzərək su və kanalizasiya xətlərinin çəkiləcəyi küçələrlə tanış olublar.