11 aprel Finlandiya sakinləri üçün ekoloji borc günüdür
Helsinki, 11 aprel, AZƏRTAC
Dünya Vəhşi Təbiət Fondu hesablayıb ki, əgər bütün dünyada istehlak Finlandiya səviyyəsində qalsaydı, bəşəriyyətə əslində olduğundan 3,6 dəfə böyük planet lazım gələrdi.
AZƏRTAC xəbər verir ki, bu il Finlandiya sakinlərinin ekoloji borcu günü aprelin 11-nə təsadüf edir. Belə bir gün hər il bütövlükdə bütün dünya, ayrı-ayrılıqda hər bir ölkə üçün nəzərdə tutulur. Hesablamalar planetin bərpa olunan resursları bərpa etmək və tullantıları, ilk növbədə, qazıntı şəklində yanacaq mənbələrindən karbon-4-oksid kimi tullantıları udmaq bacarığı ilə müqayisədə həmin resursların istehlakı əsasında aparılıb.
Dünya Vəhşi Təbiət Fondunun Finlandiya bölməsinin baş katibi Liisa Rodever deyib: “Finlandiya üçün ekoloji borc gününün belə tez gəlməsi təşviş yaradır. Bizim istehlakda ifrata varmağımızın nəticələri xüsusən gəlir səviyyəsi aşağı olan ölkələrdə hiss olunur, burada təbii müxtəliflik sürətlə azalır və insanlar özlərini doyurmaqda əziyyət çəkirlər”.
İstər Finlandiyada, istərsə də bütün dünyada ifrat istehlakın əsas səbəbi nəqliyyatın və enerji sahəsinin əmələ gətirdiyi karbon qazı tullantılarıdır. Təbiətə meşələrin uda biləcəyindən xeyli çox karbon-4-oksid düşür.
Kənd təsərrüfatı digər mühüm səbəbdir. Meşələr şumluq torpaqlar və heyvandarlıq fermaları üçün qırılır. Bütün kənd təsərrüfatı yerlərinin təqribən 80 faizi bu və ya digər dərəcədə ət və heyvan mənşəli digər məhsulların istehsalı üçün istifadə olunur.
Lüksemburq sakinləri təbii resursları başqalarından daha sürətlə sərf edirlər, onların ekoloji borc günü fevralın ortalarına təsadüf edir. Honduras sakinləri üçün bu gün hamıdan gec qədəm qoyur və ilin son günü ilə bir vaxta düşür.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki