Qubanın Birinci Nügədi kəndində 792 şagird yerlik yeni məktəb binası inşa olunur VİDEO
Quba, 4 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Birinci Nügədi kəndində 792 şagird yerlik, üçmərtəbəli məktəb binası inşa edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, binada 44 sinif, 5 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 396 yerlik akt zalı, kitabxana və 200 yerlik yeməkxana olacaq. 3500 kvadratmetr sahəni əhatə edən yeni binanın hazırda ikinci mərtəbəsi tikilir.
Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə iyundan başlanılıb. Hazırda binanın bünövrəsi və zirzəmisi inşa edilir. Beş korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunacaq. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
Məktəb binasının tikintisinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.