REGİONLAR
Xaçmazlı seçici: Bələdiyyə üzvlüyünə namizədlər arasından ən layiqli bildiklərimə səs verdim VİDEO
Xaçmaz, 23 dekabr, Elxan Yusifli, AZƏRTAC
Gördüyünüz kimi məntəqə açılan kimi ilk səs verənlərdən biriyəm. Bütün seçkilərdə fəal iştirak etmişəm. Bu, mənim vətəndaşlıq borcumdur. Bələdiyyə üzvlüyünə namizədlər arasından ən layiqli bildiklərimə səs verdim. Əminəm ki, seçimimizlə rayonumuzun inkişafında, daha da gözəlləşməsində pay sahibi olacağıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 55 saylı Xaçmaz şəhər seçki dairəsinin Zərifə Əliyeva adına məktəb-liseydə yerləşən 1 saylı seçki məntəqəsində səs verən İmran Müseyibov söyləyib.
İmran Müseyibov seçkilərin şəffaf və demokratik şəraitdə keçdiyini bildirib.
“Heç bir problemsiz, maneəsiz, rahat şəkildə səs verdik. Əvvəlcədən namizədlər barədə ətraflı məlumat almışdım. Səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu məntəqədə veb-kamera da quraşdırılıb. İnternetə çıxışı olan hər kəs səsvermə başlayandan bitənədək bütün prosesi kompüterindən, telefonundan izləyə bilər”, - deyə İ.Müseyibov bildirib.
Qeyd edək ki, 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 42 məntəqəsində 15 bələdiyyə üzrə 429 namizəd qeydə alınıb.