13 MART
1927-ci il. Xalq Artisti Nodar Şaşıqoğlunun doğum günü (1927-2013). “Uzaq sahillərdə” filmindəki Mehdi Hüseynzadə (Mixaylo) obrazı ilə məşhurlaşıb. Aktyor daha sonra “Əsl dost”, “Matteo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, “Leyli və Məcnun” və digər filmlərə çəkilib. Batumidə dünyaya gələn aktyor Bakıda vəfat edib.

1913-cü il. Görkəmli hərbi xadim, çar ordusunun polkovniki Əbülfət Şahtaxtinski vəfat edib (1858-1913). Çar Rusiyasının, İranın, Fransanın bir sıra orden və medalları ilə təltif olunan Ə.Şahtaxtinski ədəbi və maarifçilik sahəsində də fəaliyyət göstərib. Şərq dilləri ilə yanaşı, alman, fransız və ingilis dillərini də mükəmməl bilən Ə.Şahtaxtinski Hötenin “Gənc Verterin iztirabları” əsərini almancadan Azərbaycan dilinə tərcümə edib. Moskvada və Peterburqda təhsil alan qafqazlı tələbələrin yaratdıqları "İmdadiyyə" adlı gizli dərnəyin fəal üzvü olub.

1885-ci il. Memar Lev Vladimiroviç Rudnevin doğum günü (1885-1956). Bakıdakı Hökumət Evi onun layihəsi əsasında tikilib. Binanın inşasına 1934-cü ildə başlanılıb. İkinci Dünya Müharibəsi ilə əlaqədar tikinti dayandırılıb. İnşaat işləri yalnız müharibədən sonra davam etdirilib və 1952-ci ildə başa çatdırılıb. Rusiyalı memarın məşhur işləri arasında Moskva Dövlət Universitetinin əsas binası və Varşavadakı Mədəniyyət və Elm Mərkəzi də var.

1954-cü il. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) yaradılıb. Qurum fəaliyyətini SSRİ-nin süqutu ilə əlaqədar 1991-ci il dekabrın 3-də dayandırıb. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur.
1921-ci il. Monqolustan Çindən ayrılaraq müstəqilliyini elan edib.

1733-cü il. Britaniyalı kimyaçı, qazlı içkiləri kəşf edən Cozef Pristli anadan olub (1733-1804). C.Pristli fotosintez prosesini öyrənib, “şənləndirici” qaz və oksigeni kəşf edib. Bu ixtiraya görə alimə Kral Cəmiyyətinin medalı təqdim olunub.

1781-ci il. İngiltərə astronomu Uilyam Herşel (1738-1822) düzəltdiyi teleskop vasitəsilə Günəş sisteminin yeddinci planetini - Uranı kəşf edib. Alman əsilli astronom bu planetlə yanaşı, onun iki peykini, Saturn planetinin iki peykini və infraqırmızı şüalanmanı da kəşf edib. Kral Astronomiya Cəmiyyətinin ilk prezidenti olub.