Polad Bülbüloğlu: Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq VİDEO
Beyləqan, 4 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Çox duyğuluyam. Bu gün ötən 75 ildə ən gözəl ad günümü keçirirəm. Əsgərlərlə birgə, Qarabağa yaxın bir yerdə. Buradan Qarabağ dağları görsənir. Əsgərlərlə bir yerdə yemək yedik, çay içdik, tort kəsdik, rəqs etdik. Bundan xoşbəxt gün tapmaq çətindir. Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq. Bu marşı özüm ifa edəcəyəm. Arzum budur ki, biz Qarabağa, Şuşaya qayıdaq və Cıdır düzündə gözəl tədbirlər keçirək. Xarı Bülbül festivalını yenidən təşkil edək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar və müğənni Polad Bülbüloğlu Beyləqanda “N” saylı hərbi hissədə olarkən jurnalistlərə müsahibəsində söyləyib.
Polad Bülbüloğlu deyib: “Biz bu nümunəni Prezident İlham Əliyevdən götürürük. O, doğum gününü əsgərlərlə, məcburi köçkünlərlə birgə keçirir. Prezident gözəl bir ənənə yaradıb. Mən də hələ yay aylarında düşünürdüm ki, Prezidentdən nümunə götürüb ad günümü əsgərlərlə bir yerdə qeyd edim. Dünən Prezidentimiz mənə "Heydər Əliyev" ordenini təqdim etdi. Ünvanıma çox gözəl sözlər dedi. Mən də fürsətdən istifadə edərək, işimə, yaradıcılığıma qiymət verdiyi üçün dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, dünən qızım dedi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da “Instagram” səhifəsində məni təbrik edib. Mehriban xanıma da dərin təşəkkürümü bildirirəm. Çox duyğulandım”.