QAN YADDAŞI
Misirli kinematoqraf: Xocalı həqiqətlərini Yaxın Şərqdə yaymaq istəyirik VİDEO
Qahirə, 26 fevral, AZƏRTAC
“SOİC” kinematoqrafiya şirkəti müsəlman aləmində ilk dəfə öz vəsaiti və təşəbbüsü ilə Azərbaycanın və İslam dünyasının, habelə bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı haqqında sənədli film lentə alıb. “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı ekran əsərinin ölkəmizin Misirdəki səfirliyində təqdimatından sonra sosial şəbəkələrdə də yerləşdirilən treyler Misirdə böyük marağa səbəb olub.
Filmin bədii rəhbəri Əhməd İsmayıl AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində yaradıcı heyətin İslam aləminin bir parçası olan Azərbaycana bir töhfə vermək istədiyini, materialların toplanılmasında ölkəmizin Qahirədəki səfirliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Xocalı soyqırımı haqqında həqiqətləri, həmçinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını Şimali Afrika və Yaxın Şərq regionlarında daha geniş yaymaq məqsədilə bu sənədli filmin əsasında serial da çəkiləcək. Ə.İsmayıl əlavə edib ki, Qahirə Universitetinin azərbaycanlı müəllimi Sədaqət Əlinin qızlarının da filmdə Xocalı qurbanlarının məşəqqətlərini canlandırması bu ekran əsərinə xüsusi rəng qatıb.
Misirli kinematoqraf əlavə edib ki, filmin ərəb ölkələrinin bir sıra KİV-lərində, telekanallarında nümayiş etdirilməsi üçün danışıqlar aparılır. “Biz istəyirik ki, Xocalı soyqırımı kimi faciələr bir daha təkrar olunmasın. Bunun üçünsə bütün həqiqətlər ictimaiyyətə çatdırılmalıdır”, - deyə Ə.İsmayıl vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə