Sabirabadlı kümçülər üç gündə 5 tona yaxın barama tədarük ediblər REPORTAJ VİDEO
Sabirabad, 11 iyun, Aydın Yavər, AZƏRTAC
Sabirabadda barama tədarükü davam edir. Artıq kümçülər tərəfindən 5 tona yaxın barama təhvil verilib.
AZƏRTAC xəbər verir ki, sabirabadlı kümçülər bir aydır çəkdikləri əziyyətin bəhrəsini toplayırlar. Artıq 3 gündür ki, rayonda barama məhsulu yığılır.
Baramaçılıq üzrə dörd illik təcrübəsi olan Teymur Bəhramov bildirir ki, bu sahə çox qazanclıdır. Ümumilikdə, 6 qutu toxum götürən kümçü artıq 288 kiloqram məhsul təhvil verdiyini, hədəfinin isə 420 kiloqram olduğunu söyləyir. Toxumların pulsuz verilməsi, eyni zamanda, dövlət tərəfindən hər kiloqram məhsula ödənilən subsidiya kümçüləri bu sahəyə daha çox sövq edir. Belə ki, “Azəripək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.
Rayonun Kürkənd kənd sakini Vəliyev Qaraxan da 4 ildir ki, barama bəsləyir. Bildirir ki, baramaçılıq çox gəlirli sahədir. Bu sahə ata-babadan qalsa da, sonralar durğunluq yaşandığından unudulmaq üzrə idi. Lakin ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində baramaçılıq qısa müddətdə öz inkişaf yoluna qədəm qoydu. Kümçü söyləyir ki, digər rayon kümçüləri kimi, sabirabadlılar da pulsuz toxum götürüb bəsləyirlər və qısa müddətdə əlavə qazanc əldə edirlər. Bu il 8 qutu toxum götürən kümçü hədəfinin 400 kiloqramdan çox yaş barama təhvil vermək olduğunu deyir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubovun sözlərinə görə, bu mövsüm 250 kümçü barama toxumu təhvil alıb. Kümçülər öz məhsullarını “Azəripək” MMC-nin əməkdaşlarına təhvil verirlər. Qısa müddətdə 5 tona yaxın məhsul tədarük olunub. Ümumilikdə, rayon üzrə 450 qutu toxum götürülüb və bütün təsərrüfatlarda barama toplanılır.
Ötən il Sabirabad rayonu üzrə 14 ton barama məhsulu tədarük olunub. Builki hədəf isə 18 tondur.