REGİONLAR
Bəhrəmtəpə-Biləsuvar yolunda tikinti işlərinin ilin sonunadək yekunlaşdırılması gözlənilir VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, respublika əhəmiyyətli avtomobil yolunun uzunluğu 60 kilometrdir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metrdir, buraya 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yolboyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, yeni yol yatağı inşa olunub. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 kilometrlik yolboyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur ki, bu çərçivədə də işlər yekunlaşdırılır. Yolun 3.7-ci kilometrində Araz çayı üzərində yerləşən 230 metr uzunluğunda olan mövcud avtomobil körpüsü isə təmir olunaraq gücləndirilir.
Bundan başqa, köhnə suötürücü boruların yenilənməsinə və yenilərinin inşasına ehtiyac olduğu üçün işləri, hazırda 61 mövcud boru yenilənir, 39 dairəvi boru və 14 düzbucaqlı su keçidi inşa olunaraq yekunlaşdırılır. Layihəyə uyğun olaraq yolboyu 8 nöqtədə yeraltı keçid də inşa edilir, zəruri yerlərdə 28 avtobus dayanacağının quraşdırılması da nəzərdə tutulur.
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.