15 MART
2003-cü il. Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan - Mətbuat Şurası yaradılıb.
Ölkə jurnalistlərinin birinci qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılan Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.

1897-ci il. Xalq Artisti Ağasadıq Gəraybəylinin doğum günü (1897- 1988). O, “Sevil”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Arşın mal alan” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. 1933-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb.
1983-cü il. İlk dəfə BMT-nin qərarı ilə Ümumdünya İstehlakçılar Günü qeyd olunub.
Ümumdünya İstehlakçılar Gününün elan edilməsi ABŞ prezidenti Con Kennedinin 1961-ci il martın 15-də Konqresdə etdiyi çıxışla bağlıdır. Kennedi çıxışında demişdir: "İstehlakçılar biz hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən özəl və dövlət iqtisadiyyatında həlledici rol oynayırlar. Lakin belə bir yekdil səs təəssüf ki, həmişə eşidilmir". Ümumdünya İstehlakçılar İttifaqı Təşkilatı həmin sözləri özünün manifestinə çevirmişdir.

1938-ci il. Səudiyyə Ərəbistanında ilk dəfə neft aşkar edilib. Deyilənə görə, nefti quyu qazmaq istəyən köçəri tapıb. Amma yerin altından su əvəzinə qara rəngli yağlı kütlə fışqırıb. İkinci Dünya müharibəsinə görə yataqların işlənməsini təxirə salmağa məcbur olublar. Amma artıq XX əsrin ikinci yarısında Səudiyyə Ərəbistanı neft sayəsində dünyanın ən yoxsul ölkəsindən ən varlı ölkələrindən birinə çevrilib. Bu gün ölkənin ümumi gəlirlərinin təqribən 92 faizini neft ixracından əldə olunan gəlirlər təşkil edir.

1854-cü il. Alman bakterioloqu, difteriyanın müalicəsində qəbul olunan zərdab terapiyası işinə görə fiziologiya və tibb üzrə ilk Nobel mükafatı laureatı Emil Adolf fon Berinqin doğum günüdür (1854-1917).