SİYASƏT
“Al Jazeera” telekanalı azərbaycanlı məcburi köçkünlər barədə reportaj yayımlayıb VİDEO
Bakı, 1 oktyabr, AZERTAC
“Al Jazeera” televiziya kanalı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər barədə reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, bu münaqişə nəticəsində qaçqın və məcburi köçkün şəraitində yaşayan insanların öz doğma yurdlarına qayıtmaq ümidlərindən söhbət açılır.
Jurnalist Sinəm Köseoğlunun hazırladığı reportajda o, Azərbaycanın Füzuli rayonundan olan məcburi köçkünlərdən biri ilə görüşüb və onunla söhbət edib. Məcburi köçkün Məmməd Muradov deyir o, 1991-ci ildə Ermənistanın təcavüzü zamanı Füzuli rayonunun kəndini müdafiə edərkən minaya düşüb. O, həmin hadisələrdə həm ayağını, həm də evini itirib. Məmməd və qardaşları o vaxtdan etibarən paytaxt Bakı yaxınlığında yerləşən yataqxanada yaşayırlar. Jurnalist burada ən azı 100 məcburi köçkün ailəsinin yaşadığını bildirir.
Reportajda Məmmədin qardaşı Nüsrətin də Ermənistanla Azərbaycan arasında olan döyüşlərdə yaralandığı qeyd olunur.
Sinəm Köseoğlu Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlıların 30 ilə yaxındır öz evlərindən məcburi köçkün düşdüklərini bildirir. O, bu insanların doğma torpaqlarına qayıdacağı günü böyük inamla və səbirsizliklə gözlədiklərini diqqətə çatdırır.
Jurnalist, həmçinin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə görüşərək onun da bu münaqişə barədə fikirlərini öyrənib. "Bu gün vəziyyətin gərginləşməsi Ermənistanın yeni hərbi doktrinası ilə əlaqəlidir. Ermənistanın hərbi doktrinası 2019-cu ilin martında Ermənistanın müdafiə naziri David Tanayanın Ermənistanın “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını elan etməsi ilə qəbul edilib", - deyə Şəfiyev bildirib.