SİYASƏT
Hulusi Akar: İşğalçı Ermənistanın hücumlarına qarşı sonadək azərbaycanlı qardaşlarımızın yanındayıq VİDEO
İstanbul, 2 oktyabr, AZƏRTAC
Ermənistan qardaş Azərbaycanın torpaqlarının 20 faizini, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu artıq 30 ilə yaxındır ki, işğal edib. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yerlərindən didərgin salınıb, 20 min insan şəhid olub, 5 min nəfərin taleyi barədə hələ də xəbər yoxdur. Xocalı soyqırımının da yaddaşlarımızdakı yeri hələ çox təzədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.
Beynəlxalq hüquq çərçivəsində qəbul edilən qərarlara, Azərbaycanın bütün diplomatik və sülhyönümlü səylərinə baxmayaraq, problemin hələ də həll olunmadığına diqqət çəkən nazir deyib: “Ermənistan BMT-nin də qərarları daxil olmaqla beynəlxalq hüququ tapdayaraq işğalı və Azərbaycana qarşı hücumlarını hələ də davam etdirir. Törətdikləri cinayətlərə görə cəza almayan, əksinə, zaman keçdikcə daha da simasızlaşan Ermənistan müxtəlif vaxtlarda Azərbaycana qarşı bir çox təxribatlar törədib”.
Türkiyənin hər zaman zülmə qarşı çıxış edən dövlət olduğunu bildirən nazir deyib: “Can qardaşlarımızın haqlı davasında, öz torpaqlarını geri qaytarmaq mübarizəsində sonuna qədər yanında olmağa davam edəcəyik. Bizim tək dərdimiz sülh, qardaşlıq və yaxşı qonşuluq əlaqələri, qonşularımızın da eyni şəraitdə yaşamasına töhfə verməkdir. Bu əzm və qətiyyətlə işğalçı Ermənistanın hücumlarına qarşı da sonadək azərbaycanlı qardaşlarımızın yanındayıq. İllərdir Azərbaycanın Dağlıq Qarabağdaki haqlı davasına həll yolu təklif etməyənlərin atəşkəs çağırışları səmimi olmadığı kimi, inandırıcı da deyil”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul