SİYASƏT
Vyetnam telekanalı Ermənistanın hərbi təxribatı barədə süjet yayımlayıb VİDEO
Pekin, 2 oktyabr, AZƏRTAC
Vyetnamın milyonlarla izləyicisi olan VTC1 televiziya kanalında Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində yaranmış vəziyyət barədə ətraflı video süjet nümayış etdirilib.
AZƏRTAC xəbər verir ki, süjetdə ölkəmizin Vyetnamdakı səfirliyində Ermənistanın son təxribatı ilə əlaqədar keçirilən mətbuat konfransında deyilən fikirlərə istinad olunub. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı hücumları nəticəsində 5 üzvdən ibarət ailə də daxil olmaqla, çoxsaylı mülki şəxs həyatını itirib, onlarla insan yaralanıb, yüzdən çox ev dağıdılıb.
VTC1 kanalı tamaşaçılarını Azərbaycan Ordusunun öz əhalisini qorumaq məqsədilə əks-hücuma keçmək məcburiyyətində qaldığı, 2300 erməni hərbçisinin məhv edildiyi və yaralandığı, Ermənistanın 130-dək tank və digər zirehli texnikasının sıradan çıxarıldığı barədə məlumatlandırıb. Süjetdə Azərbaycan Ordusunun mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirdiyi və mülki əhalinin yaşadığı ərazilərə atəş açmadığı, hərbi əməliyyatları öz əraziləri daxilində keçirdiyi bildirilib.
Vyetnam televiziyası xüsusi vurğulayıb ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, digər 7 rayonu da işğal edib. Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanova istinadla bildirilib ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrası təmin olunduğu və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkildiyi təqdirdə Azərbaycan tərəfindən hazırda həyata keçirilən əks-hücum əməliyyatı dayandırılacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin