Qarabağdan olan diplomat Serbiyanın tanınmış “RTS” televiziyasına müsahibə verib VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
Ölkəmizin işğalda olan Kəlbəcər bölgəsindən olan Azərbaycanın Serbiyadakı səfirliyinin üçüncü katibi Elvin Əlizadə Serbiyanın “RTS 1” dövlət televiziyasının “Oko Magazin” verilişinə yerli dildə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıran E.Əlizadə müsahibəsində bir diplomat kimi deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində məcburi köçkün düşmüş bir insan kimi çıxış etdiyini bildirib. Əslən Dağlıq Qarabağın ətraf rayonu, Azərbaycanın gözəl bölgələrindən biri - Kəlbəcər şəhərindən olduğunu, cəmi iki yaşında ikən ailəsinin yaşadığı bu doğma şəhəri tərk etməyə məcbur qaldıqlarını deyən E.Əlizadə, həmin vaxt bildiyi tək bir anlayışın “bura bizim evimizdir” olduğunu söyləyib. İndiyədək də şəxsiyyət vəsiqəsində Kəlbəcər şəhərində yaşadıqları evin ünvanının yazıldığını və yaxın zamanda ailəsinin öz doğma yurduna qayıdacağına əminliyini bildirib.
E.Əlizadə Ermənistan silahlı qüvvələrinin ölkəsinin tarixi ərazilərini işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlının öz yurdlarından didərgin salınaraq 30 ilə yaxın bir müddətdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qaldığını və öz doğma ərazilərindən məhrum olduğunu qeyd edib.
E.Əlizadə ilə yanaşı, sözügedən verilişə müsahibə verən Serbiya Respublikasının vətəndaşı, uzun zaman Azərbaycan milli futbol komandasında oynamış tanınmış futbolçu Branimir Subaşiç öz növbəsində Serbiya ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərindən bəhs edib. Futbolçu özünün müharibə tərəfdarı olmadığını və bu münaqişənin tezliklə başa çatması arzusunda olduğunu bildirib.
Verilişin əvvəlində Belqrad şəhərində yerləşən “Taşmaydan” parkının videotəqdimat nümayiş olunub. Parkın ərazisində Serbiyanın görkəmli yazıçısı Milorad Paviç və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəli ucaldılıb. Verilişdə ölkəmizin son zamanlar Serbiyada iqtisadi sahədə daha aktiv fəaliyyət göstərdiyi qeyd edilib.