SİYASƏT
Dövlət Bahçeli: Terrorçu dövlət olan Ermənistan yenə də dinc azərbaycanlı əhalini hədəfə alır VİDEO
Ankara, 3 noyabr, AZƏRTAC
Azərbaycanın haqlı və inamlı mübarizəsi günbəgün müsbət nəticə verməkdədir. Dağlıq Qarabağ işğaldan sürətlə azad edilməkdədir. Terrorçu dövlət olan Ermənistan isə yenə də dinc azərbaycanlı əhaliyə qarşı raket hücumları həyata keçirir, qatil olduğunu bir daha göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.
Azərbaycan Ordusunun bütün cəbhə boyu qəhrəmanlıq göstərdiyini diqqətə çatdıran (MHP) sədri Dövlət Bahçeli deyib: “Düşmən nə edirsə etsin, Dağlıq Qarabağ Azərbaycanın olacaqdır. Onların bütün cəhdləri qanunsuzdur. Azərbaycan terrorçuları sonadək qovacaq”.
Paşinyanın Rusiya Prezidentinə məktub yazdığını xatırladan partiya sədri vurğulayıb ki, Rusiya dövlət başçısının cavabında münaqişə bölgəsinin Ermənistan sərhədindən kənarda yerləşdiyini bildirməsi olduqca maraqlıdır. Prezident Putinin Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələrdə Türkiyənin də olmasına işarə etməsi isə digər mühüm məsələdir.
PKK terrorçuları ilə yallı gedən Paşinyanın sonunun yaxınşadığını diqqətə çatdıran Milliyyətçi Hərəkat Partiyasının sədri bildirib ki, işğalçı ölkənin baş nazirinin də axırı terrorçular kimi, qaranlıqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara