16 APREL
2007-ci il. Azərbaycan Prezidenti İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Proqrama əsasən 5 minə yaxın azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində dövlət hesabına təhsil alıb.
2014-cü il. Bakıda Milli Gimnastika Arenasının açılışı olub. İlk Avropa Oyunları çərçivəsində gimnastikanın 6 növü üzrə yarışlar bu arenada keçirilib. 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada təşkil edilməsi planlaşdırılır.

1916-cı il. Görkəmli bəstəkar Qəmbər Hüseynlinin doğum günü (1916-1961). Onun 1948-ci ildə Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi “Cücələrim” uşaq mahnısı 100-dən çox dildə səsləndirilib. 1955-ci ildə sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi bu mahnı ilə salamlayıb. Vaxtilə kino xadimlərimiz Fransada olanda dünya şöhrətli Çarli Çaplin piano arxasına keçərək “Cücələrim”i ifa edib və azərbaycanlı qonaqlara üz tutaraq deyib: “Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”

1934-cü il. Tanınmış bəstəkar, Xalq Artisti Ramiz Mirişlinin doğum günü (1934-2015). O, “Bir könül sındırmışam”, “Əlvida”, “Bir xumar baxışla”, “Yandım, elə yandım”, “Yeddi qızdan biri gözəl”, “Küsüb məndən” və digər sevilən mahnıların müəllifidir.

1844-cü il. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Jak Anatol Fransua Tibonun doğum günü (1844-1924). "Silvestr Bonnarın cinayəti" romanı ona Fransa Akademiyasının mükafatını qazandırıb. Müəllifin özünün də müəyyən cizgilərinin əks olunduğu, hər şeydən şübhələnən, lakin nəcib və mərhəmətli qoca alim Silvestr Bonnar haqqındakı əsəri bu gün də fransızların ən çoх oхuduqları kitablar sırasındadır.

1889-cu il. Məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenaristi, komediya ustası və bəstəkarı Çarli Çaplinin doğum günü (1889-1977). Çaplin öz aktyor karyerasına 5 yaşında İngiltərə teatrında başlayıb. Burada o küçə uşağı rolunu uğurla oynayıb. Qəribədir ki, Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Yalnız müsabiqədən kənar Oskara layiq görülüb. O, 4 dəfə evlənib və 11 uşaq atası olub. Sonuncu övladı Çaplin 73 yaşında olanda doğulub. Çaplin "Böyük Diktator" filmində obrazını canlandırdığı Adolf Hitlerlə yaşıd idi . Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb.