16 MART
2006-cı il. Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirilib. Qurultayda dünyanın 49 ölkəsindən 1218 nümayəndə və 388 qonaq iştirak edib.

1992-ci il. Azərbaycan Liviya ilə diplomatik əlaqələr qurub.
Liviya Şimali Afrikada yerləşir. Sahəsi 1 milyon 760 min kvadratmetrə yaxın, əhalisi 6 milyon 400 min nəfərdən çoxdur. Paytaxtı Tripoli şəhəridir.

1948-ci il. Daşkəsənə şəhər statusu verilib. 1956-cı ilə qədər Dəstəfur adlandırılan Daşkəsən dəmir, kobalt, alunit və digər faydalı qazıntı yataqları ilə zəngindir. Onu vaxtilə "metallurqlar şəhəri" də adlandırırdılar.

1940-cı il. Bəstəkar, pianoçu, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafazadə anadan olub (1940-1979). Azərbaycan caz musiqisinin və caz-muğam üslubunun banisi sayılan Vaqif Mustafazadə Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub. Azərbaycan muğamının klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

1926-cı il. Dünyada ilk dəfə Robert Qoddard tərəfindən maye yanacaqla hərəkət edən raket nümayiş olunub. Maye oksigen və benzindən ibarət yanacaqla birgə çəkisi beş kiloqram olan bu qurğu 12,5 metr hündürlüyə qalxmaqla 2,5 saniyə ərzində üfüqi istiqamətdə 56 metr hərəkət edib.

1859-cu il. Radionun qurucularından biri, rusiyalı fizik Aleksandr Popov anadan olub (1859-1906). 1895-ci il mayın 7-də Rusiyanın Fizika-Kimya Cəmiyyətinin fizika bölməsinin iclasında A.Popovun “simsiz əlaqə” adlı yeni icadı barədə məlumat verilib və bununla bağlı görülən iş nümayiş olunub. 1945-ci il mayın 7-dən etibarən bu tarix Radio Günü kimi qeyd edilir.

1968-ci il. ABŞ-ın avtomobil istehsalçısı "General Motors" şirkəti 100 milyonuncu avtomobilini - "Oldsmobile Toronado"nu konveyerdən buraxıb.