Qubada evlərdən oğurluq edən gənc saxlanılıb VİDEO
Quba, 22 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən iki evdən velosiped, məişət avadanlıqları və geyim əşyaları oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ramin Teymurxanov saxlanılıb.
Saxlanılan şəxs törətdiyi əməlləri etiraf edərək, qanunsuz yolla əldə etdiyi velosipedi dəyərindən ucuz qiymətə satdığını, digər əşya və avadanlıqları isə gizlətdiyini bildirib. Həmin velosipedin, eləcə də digər əşyaların yerləri polis əməkdaşları tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı R.Teymurxanov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.