Vətən Müharibəsi Qəhrəmanı: Qubaya qalib ölkənin qalib zabiti kimi qayıtmışam VİDEO






Quba, 22 fevral, Elxan Yusifli, AZƏRTAC
Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov doğulub boya-başa çatdığı Qubada coşqu ilə qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qorxmaz komandir torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Vətən Müharibəsi Qəhrəmanı”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Nizami Mövlanov Qubada Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxuyub.
“Vətən müharibəsindən sonra Qubaya ilk dəfədir gəlirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Bu gün Qubaya qalib ölkənin qalib zabiti kimi qayıtmışam. Çox qürurvericidir. İşğalda olan torpaqlarımızı azad etmişik. Bizim ən böyük mükafatımız odur. Hamı Azərbaycan Ordusunun gücünü gördü. Biz bu müharibədə Ali Baş Komandanımızın rəhbərliyi ilə çox fərqli döyüş üslubu göstərdik. Bizim düşməni darmadağın etdiyimiz döyüş nümunəsi indi xarici ölkələr tərəfindən müasir dövrün savaşı kimi öyrənilir. Döyüşçülərimizin hər biri şəxsi qəhrəmanlıq nümunəsi göstərdi. Onların hər biri işğalçını məhv edib, yüksəkliklərə bayraq sancmağa can atırdı”, - deyə Nizami Mövlanov söyləyib.
Müharibənin ilk günündən hərbi birləşmə komandiri kimi döyüşlərə qatılan Nizami Mövlanov yaralansa da, son döyüşlərədək cəbhədə vuruşub.
Qorxmaz komandirin qardaşı, polkovnik-leytenant Tərlan Mövlanov və qardaşı oğlu, baş leytenant Laçın Mövlanov da torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda mərdliklə döyüşüblər. Tərlan Mövlanov “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.