REGİONLAR
Jurnalistlər Xocavəndin Tuğ kəndində olublar

Xocavənd, 17 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Martın 17-də media nümayəndələri işğaldan azad edilmiş rayonlarımıza səfər çərçivəsində Xocavəndin Tuğ kəndində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri qədim Azərbaycan kəndində tarixi tikililərlə, alban məbədləri ilə tanış olub, erməni vəhşiliyinin izlərini gözləri ilə görüblər.
Xocavənd rayonunun Tuğ kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Kəndin əsas özəlliklərindən biri onun Azərbaycan və dünya tarixi üçün xüsusi əhəmiyyətə malik məşhur Paleolit düşərgələri olan Azıx və Tağlar mağaralarının yaxınlığında yerləşməsi, kəndin ərazisində erkən orta əsrlərə aid bir neçə alban məbədinin olmasıdır. Tuğ kəndində işğala qədər əhali üzümçülük, taxılçılıq, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğul olub. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana fəaliyyət göstərib.
Azərbaycanın zəngin tarixə, mütərəqqi ənənələrə malik təhsil ocaqlarından biri də Xocavənd rayon Tuğ məktəbidir. Ermənilər bu məktəbi də dağıdıb, ali təhsil ocağından geriyə yalnız yarımuçuq divarlar qalıb.
1991-ci il oktyabrın 30-da ermənilər tərəfindən işğal edilən kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı 2020-ci il noyabrın 9-da azad olunub.