REGİONLAR
Siyəzəndə oğurluq edən Bakı sakinləri saxlanılıb VİDEO









Siyəzən, 29 mart, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən daş karxanalarının birindən və fəaliyyəti müvəqqəti olaraq dayandırılmış bir neçə restorandan müxtəlif vaxtlarda qaynaq aparatının, 4 ədəd elektrik mühərrikinin, müxtəlif ölçüdə elektrik naqillərinin, təmir-tikinti alətlərinin, obyektlərə məxsus plastik və dəmir qapıların, nəfəsliklərin və digər əşyaların oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emin Şöyübov, Təvəkkül Nuriyev və İlkin İbrahimov saxlanılıblar.
Saxlanılan şəxslər törətdikləri oğurluq əməllərini etiraf edərək, obyektlərə qanunsuz daxil olduqlarını, oğurluq yolu ilə əldə etdikləri qənimətləri isə icarəyə götürdükləri nəqliyyat vasitələrinə yükləyərək Bakı şəhərinə apardıqlarını və xeyli hissəsini şəhər ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Əşyaların bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.
Faktlarla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.