REGİONLAR
Füzuli rayonu uğrunda döyüşlərdə şəhid olan qusarlı qəhrəman VİDEO







Qusar, 30 mart, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Cibir kəndindən olan Murad Kəlbiyev Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra iki medalla təltif edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində Cibir kəndi dörd şəhid verib. Qəhrəman kəndin şəhid övladlarından biri - Murad Kəlbiyev 1996-cı ildə anadan olub. Evin sonbeşiyi olan Muradın üç bacısı var.
“Murad üç bacının tək qardaşı idi. Hamının hörmətini qazanmağı bacarmışdı. Hərbçi olmağı arzulayırdı. Hələ əsgərliyindən sonra hərbidə qalıb işləmək istəyirdi. Dedim, bala, evin tək oğlusan, sənə burada da ehtiyacımız var. Xidmətini başa vurub gəldi. Amma sonra yenə də öz arzusunun dalınca getdi. Vətəni anadan, atadan üstün tutdu. 2020-ci ilin sentyabr ayında hərbçi kimi işə düzəldi. Çox sevinirdi. Müharibə başlayandan hər gün səhər-axşam zəng edirdi. Bizə deyirdi ki, guya Bakıdadır. Kənddən olan döyüş yoldaşlarına da ciddi tapşırmışdı ki, cəbhədə olduğunu bizə deməsinlər. Oktyabrın 8-də şəhid olması xəbərini aldıq. Döyüş yoldaşları onun qəhrəmanlıqla döyüşdüyünü bildirdilər. Təbii ki, ürəyim çox ağrıyır. Bir oğlum vardı, o da şəhid oldu. Amma fəxr edirəm ki, mənim balam Vətən yolunda şəhidlik zirvəsinə ucalıb. Vətən sağ olsun!”, - deyə şəhidin anası Rübabə Kəlbiyeva söyləyib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Murad Cəbrayıl və Füzulinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Oktyabrın 6-da Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Atası Məmmədziyad Kəlbiyev deyib: “Əsgərlik müddətində də Füzulidə olmuşdu. Hərbi xidmətdən sonra bir müddət Rusiyada, Türkiyədə işlədi. Amma ən böyük istəyi hərbçi olmaq idi. Elə müharibədən bir ay əvvəl işə düzəlmişdi. Sentyabrın 27-də döyüş bölgəsinə yollandı. Mən döyüşlərdə olduğunu bilirdim. Amma anasına deməmişdik. Axırıncı dəfə oğlumla oktyabrın 5-də danışdıq. Həmin gün gecə Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalıb. Fəxr edirəm ki, oğlumun zəhməti hədər getmədi. Torpaqlarımız düşməndən azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Murad işə düzəldikdən sonra evlənmək barədə düşünürdü. Artıq bacılarına sevdiyi qız barədə məlumat vermişdi.
“Qardaşım evin ən balacası idi. Balaca olsa da, evin təəssübünü çəkən, ailəsini qoruyan övlad idi. Vətəni üçün ürəyi yanırdı. Həmişə deyirdi ki, torpaqlarımız düşmənin əlindədir. Ona görə də hərbçi peşəsinə, hərbi formaya meyilli idi. Bir bacı kimi qardaş itkisi mənim üçün ağıdır. Qardaşımla fəxr edirəm. Torpaqlarımızın azad olunması ilə təsəlli tapırıq. Qardaşımın qanı yerdə qalmadı”, - deyə şəhidin bacısı Alisa Kəlbiyeva söyləyib.
Şəhidin digər bacısı Güləndam Ələmətova isə deyib: “Qardaşım çox yerləri gəzib dolaşdı. Amma axırda yenə öz Vətəninə döndü, torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucaldı. Sevdiyi vardı. Deyirdi, bacı, qarşıdakı yayda evlənib sizi sevindirəcəyəm. Sevdiyi qızla da danışmışdıq. Amma müharibə başladı. Ayın 5-dək danışdıq. Sonra zəng etmədi. Hər gün anamdan soruşurdum. O, isə xəbər olmadığını söyləyirdi. Anam ağlayırdı, atam nigaran idi. Torpaqlarımız 30 ilə yaxın işğalda idi. Qardaşım, düzdür, hərbidə qısa müddət oldu. Amma gedişi ilə Vətənimiz azadlığa çıxdı. Bu şanlı qələbədə onun da payı var”.
Şəhid Murad Kəlbiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.