REGİONLAR
Murovdağda şəhid olan 19 yaşlı qəhrəman VİDEO
Xaçmaz, 13 aprel, Elxan Yusifli, AZƏRTAC
On doqquz yaşlı Nurağa Tağıyev Vətən müharibəsinin 14-cü günü Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Nurağa Davud oğlu Tağıyev 2001-ci il aprelin 20-də Xaçmaz şəhərində dünyaya göz açıb. Ailənin sonbeşiyi, evin tək oğul övladı idi. Nurağa orta məktəbdə təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Cəsur əsgər Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Murovdağ istiqamətindəki döyüş mövqelərinin düşməndən azad olunmasında fəal iştirak edib.
“2019-cu ilin aprel ayında hərbi xidmətə yola saldıq. Goranboyda xidmət edirdi. İdmana həvəsi vardı. Cüdo ilə məşğul olub. Mehriban, hamı ilə dil tapan uşaq idi. Hərbi xidməti başa vurduqdan sonra hüquq-mühafizə orqanlarında işləmək arzusunda idi. Sentyabrın 27-də danışanda bildirdi ki, döyüşlərə qatılıb. Telefonla danışanda ürəkli, mərdi-mərdanə danışırdı. Deyirdi, “Hər şey yaxşıdır. Ermənilər dovşan kimi qaçırlar. Məndən arxayın olun”. Oktyabrın 10-da səhər saatlarında sonuncu dəfə danışdıq. Günorta isə şəhid olması xəbərini aldıq”, - deyə Nurağanın atası Davud Tağıyev söyləyib.
Qəhrəman döyüşçü oktyabrın 10-u Murovdağ istiqamətində döyüşlərdə ağır yaralanıb. Yanında mərmi partlaması nəticəsində yaralanan Nurağa hospitala çatdırılanadək şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası Yeganə Tağıyeva deyib: “Nurağa cəsur, ağıllı oğul idi. Müharibə vaxtı telefonla danışırdıq. Mənə deyirdi ki, ana ağlama. Hətta bir dəfə telefonla danışanda güclü atəş səsləri gəldi. Narahat olduq. Nurağa gülə-gülə dedi ki, narahat olmayın atan bizik. Bizi çox arxayın etmişdi. Bilirdik müharibənin içindədir. Amma elə danışırdı ki, elə bil heç döyüşlərdə deyil. Çox arzuları vardı. Bacısının övladı dünyaya gəlmişdi. Onu görmək istəyirdi. Sonuncu dəfə şəhid olan günü səhər danışmışdıq. Nurağa özündən muğayat ol, dedim... Oğlumla fəxr edirəm! Şəhid anası olmaq çox şərəflidir”.
Nurağa Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı küçəyə şəhidin adı verilib. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.