17 MART
2015-ci il. Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təməli qoyulub.
TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. 2018-ci ildə istismara verilməsi planlaşdırılan TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.

1992-ci il. Azərbaycan Almaniya ilə diplomatik əlaqələr qurub.

1919-cu il. Görkəmli aktyor Hüseyn Ərəblinskinin doğum günü (1881-1919). O, "Ağa Məhəmməd Şah Qacar"da Qacar, "Müsibəti-Fəxrəddin"də Fəxrəddin, "Hacı Qara"da Heydər bəy, "Qaçaqlar"da Frans, "Otello"da Otello obrazlarını məharətlə ifa edib. Həmçinin "Neft və milyonlar səltənəti" filmində çəkilib. Hüseyn Ərəblinski 1919-cu ildə dayısı oğlu Əbdülxalıq tərəfindən qətlə yetirilib.

1950-ci il. “Kalifornium” adlanan radioaktiv kimyəvi element kəşf olunub. Qramı 6.5 milyon dollar olan “Kalifornium” ən bahalı metaldır. Dünyada çox nadir tapılan bu element dövri sistemdə 98 nömrəli atom və rəmzi olaraq Cf (Californium) kimi qeydə alınıb. Ondan müxtəlif detektorlarda və səhiyyədə geniş istifadə olunur.

Martın 17-si Muay-tay döyüş növü günüdür. Boks idmanının bir növü olan muay-tay Tailandda yaradılıb və bu ölkədə milli bayram kimi qeyd olunur. İdmanın bu növü son illərdə Azərbaycanda da məşhurlaşıb və ölkəmizdə Muay-tay-Tayboks Federasiyası fəaliyyət göstərir.