REGİONLAR
Gəncədə soyğunçuluq edən və narkotik saxlayan şəxslər tutulub VİDEO
Gəncə, 25 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinə (RPİ) şəhər ərazisindəki çörək sexlərindən birinə naməlum şəxsin pəncərədən daxil olaraq işçilərin gözü qarşısında kassanı açması və oradan 210 manat pulu götürərək soyğunçuluq etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Müşfiq Bayramov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib.
Polis əməkdaşlarının M.Bayramovun ətrafında keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət hadisəsi də aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində yerləşən yaşayış olmayan mənzillərdən birinə qeyri-qanuni yolla daxil olaraq oradan 1200 manat dəyərində kondisioner oğurlayıb.
RPİ-nin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Samir Abbasov saxlanılıb. Polis idarəsində onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan bükümdə çəkisi 13 qram olan heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.