CƏMİYYƏT
İğdırda Ermənistanın Oxçuçayda törətdiyi ekoloji terrora qarşı etiraz aksiyası keçirilib VİDEO


İstanbul, 8 iyul, AZƏRTAC
Türkiyənin İğdır vilayətində yerləşən Ağaver kəndində Ermənistanın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları hesabına Oxçuçayın normadan dəfələrlə artıq çirkləndirilməsi ilə törədilən ekoloji terrora qarşı etiraz aksiyası keçirilib. İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən Ermənistanla sərhəddə təşkil olunan aksiyada məqsəd diqqəti Ermənistanın və Almaniyanın “CRONIMET Mining AG” şirkətinin qanunsuz fəaliyyətinə cəlb etməkdir.
Dərnəyin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acarın AZƏRTAC-a verdiyi məlumata görə, Ermənistanın və Almaniyanın “CRONIMET Mining AG” şirkətinin Oxçuçayı çirkləndirərək törətdiyi ekoloji terror aktı barədə dünya birliyinə müraciət qəbul edilib.
Müraciətdə qeyd olunur ki, Ermənistanın ekologiyaya qarşı genişmiqyaslı düşmənçiliyi bölgədə ağır fəlakət təhlükəsi yaradıb. Oxçuçayın mədən tullantıları ilə normadan dəfələrlə artıq çirkləndirilməsi beynəlxalq səviyyəli cinayətdir. Təmiz su mənbəyinə qarşı törədilən düşmənçilik davam edə bilməz. O cümlədən istismar müddəti başa çatan “Metsamor” atom elektrik stansiyasının qanunsuz fəaliyyəti, oradan ayrılan radioaktiv tullantıların təmizlənmədən Araz çayına axıdılması bölgədə su mənbələrini və floranı məhv edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul