Koreya Respublikasında Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib VİDEO
Pekin, 9 noyabr, AZƏRTAC
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Seul şəhərində yerləşən "Üzən ada" konvensiya mərkəzində rəsmi qəbul keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Koreya Respublikasının ictimai-siyasi xadimləri, Seulda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, nüfuzlu ali təhsil müəssisələrinin rəhbər və professorları, kütləvi informasiya vasitələrinin təmsilçiləri, tanınmış jurnalistlər, şirkətlərin və biznes assosiasiyaların rəhbərləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib, Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi anılıb.
Ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov Zəfər Gününün əhəmiyyətindən danışıb. O, müstəqilliyin bərpasının ilk illərində Ermənistanın işğalına məruz qalan Azərbaycanın üzləşdiyi çətinliklər, münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın səyləri barədə məlumat verib. Bildirib ki, Azərbaycanın bütün cəhdlərinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam etdirib, 2018-ci ilin sonundan etibarən isə danışıqlar prosesini tamamilə mənasız edən bəyanatlar səsləndirib və təxribat xarakterli hərbi-siyasi addımlar atıb.
Səfir 2020-ci ilin sentyabrın 27-də Ermənistanın növbəti təxribatının qarşısını almaq, öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək və nəhayət, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etmək məqsədilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusuna qarşı hərbi əməliyyatlara başladığını söyləyib. R.Teymurov 2020-ci il noyabrın 8-də Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad olunmasından sonra Ermənistan rəhbərliyinin müharibədə məğlub olduqları ilə barışdığını və kapitulyasiya sənədinə qol çəkdiyini, bununla da Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyini diqqətə çatdırıb.
Diplomat Qarabağ və Şərqi Zəngəzurun işğala məruz qalmış ərazilərində postmünaqişə dövründə sürətlə həyata keçirilən quruculuq işləri və Ermənistan da daxil olmaqla, regionda davamlı sülhə nail olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasət barədə məlumat verib.
Tədbirin bədii hissəsində koreyalı opera müğənnilərinin və Rippliç orkestrinin ifasında musiqi əsərləri səslənib, Zəfər Gününün əhəmiyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.
Koreya Respublikasının ən hündür "Namsan" teleqülləsi və Zəfər Gününün qeyd edildiyi "Üzən ada" konvensiya mərkəzinin binası Azərbaycan Respublikasının dövlət bayrağının rənglərinə bürünüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin