19 APREL
1907-ci il. Bəstəkar, dirijor, librettoçu, Azərbaycanın Xalq Artisti Əfrasiyab Bədəlbəylinin doğum günü (1907-1976). Ə.Bədəlbəyli 33 yaşında ikən “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Bir çox dram tamaşalarına musiqi bəstələyib (“Hacı Qara”, “1905-ci ildə”, “Fərhad və Şirin” və s.).

1943-cü il. Varşava gettosu məhbuslarının nasistlərə qarşı üsyanı başlayıb. Üsyan 1943-cü il aprelin 19-dan mayın 16-dək davam edib və nasistlər tərəfindən amansızcasına yatırılıb. Varşava gettosunda üsyan Avropanın nasistlər tərəfindən işğal edilmiş şəhərlərində ən kütləvi üsyanlardan biri olub. Döyüşlər zamanı gettonun təqribən 7 min müdafiəçisi qətlə yetirilib, 5-6 min nəfər diri-diri yanıb. Üsyan yatırılandan sonra gettonun qalan sakinləri (təqribən 56 min nəfər) ölüm düşərgələrinə göndərilib.

1970-ci il. Volqa avtomobil zavodunun baş konveyerindən birinci VAZ-2101 avtomobili buraxılıb.