2021-ci il Özbəkistanda “Gənclərə dəstək və əhalinin sağlamlığının möhkəmləndirilməsi ili” elan edilib

Daşkənd, 29 dekabr, АZƏRTAC
Dekabrın 29-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hər il olduğu kimi, Ali Məclisə müraciət edib. Dövlət başçısı müraciətdə 2021-ci ilin ölkədə “Gənclərə dəstək və əhalinin sağlamlığının möhkəmləndirilməsi ili” elan olunduğunu bildirib.
Bununla bağlı keçirilən tədbirdə Özbəkistan parlamentinin Ali Məclisi və Senatının deputatları, elm, mədəniyyət və incəsənət xadimləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Səfirlərin arasında ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev də olub.
Dövlət başçısı müraciətində ölkədə siyasi, iqtisadi, mədəni və digər sahələrdə aparılan islahatlara toxunub.
Prezident deyib ki, hər bir cəmiyyətin inkişafında gənc nəslin sağlam və hərtərəfli inkişafı həlledici rol oynayır, cəmiyyətin gələcəyi bundan asılıdır. Buna görə də apardığımız islahatların gələcəkdə səmərəliliyinin artırılması məsələlərində bizim dayağımız enerjili, təşəbbüskar, hərtərəfli inkişaf etmiş, müasir biliklərə yiyələnmiş gənclər olmalıdır.
Şavkat Mirziyoyev gələcəkdə Rusiya, Çin, Amerika Birləşmiş Ştatları və digər ölkələrlə çoxplanlı və qarşılıqlı faydalı münasibətlərin davam etdiriləcəyini də bildirib. O deyib ki, ölkənin xarici işlər naziri və müavinləri, xarici ölkələrdəki səfirlər bu dövlətlərlə daha səmərəli yeni iş sistemi həyata keçirməlidirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd