Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Salyanda vətəndaşlarla görüşüb VİDEO
Salyan, 8 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov aprelin 8-də Salyan şəhərində Salyan və Neftçala rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra ASC-nin sədri Zaur Mikayılov Salyan Suvarma Sistemləri İdarəsinin inzibati binasında Salyan və Neftçala rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, nasos stansiyalarının quraşdırılması, nov kanallarının qurulması, kanalların lildən təmizlənməsi, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Zaur Mikayılov şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.