REGİONLAR
Yevlaxda “Biz Vətən üçün doğulduq” kitabının təqdimatı olub VİDEO
Yevlax, 8 aprel, AZƏRTAC
Vətən müharibəsində şəhid olmuş yevlaxlılara həsr edilmiş ikinci nəşrin - “Biz Vətən üçün doğulduq” kitabının təqdimatı olub.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəliyi ilə şanlı Qələbə qazandığımız 44 günlük Vətən müharibəsində Yevlax rayonunun da yüzlərlə qəhrəman övladı döyüşə atıldı, Vətən uğrunda səfərbər oldular. Suqovuşandan Şuşayadək Zəfər yolu keçdilər. Vətən müharibəsində Yevlaxdan 65 igid şəhadətə yüksəldi. Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Bu gün hər birimizin qəlbində böyük qürur və iftixar hissi var. Çünki yad etdiyimiz hər bir şəhidimiz öz şəhadətləri ilə Vətən tarixinin ən şanlı səhifələrinin müəlliflərindən olublar. Onlar elə böyük qəhrəmanlıqlara imza atıblar ki, xalqımız əsrlər boyu bu igidlərin adlarını yaddaşlarda saxlayacaq, daim nümunə kimi qəbul edəcəklər. Bu gün xatirələrini yad etdiyimiz doğma şəhidlərimiz daim xatırlanacaq, bütün dövrlərdə Azərbaycanın, Yevlağın qürur mənbələri olacaqlar.
Anar Tağıyev qeyd edib ki, bizim borcumuz şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktlarla çatdırmaqdır. Bu gün təqdimatına toplaşdığımız növbəti, ikinci kitab olan “Biz Vətən üçün doğulduq” kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana çıxıb.
Kitabın müəllifi, Yevlağın “Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əminə Yusifqızı, şəhid kapitan Kamran İsmayılovun anası Şərafət Mehdiyeva, Milli Məclisin deputatı İlham Məmmədov, Vətən müharibəsi veteranı Faiq Rəhimov və başqaları 44 günlük müharibədə qazanılan Qələbə və onun əhəmiyyəti, şəhidlərimizin xatirələrinin yaddaşlarda saxlanılması və gənc nəslin vətənpərvər ruhda tərbiyəsi işində bu kitabların əhəmiyyətindən danışıb və kitabın hazırlanmasında əməyi olanlara təşəkkür ediblər.
Tədbirdə Yevlax məktəbliləri və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonda tədbir iştirakçılarına “Biz Vətən üçün doğulduq” kitabı təqdim olunub.