“20 Yanvar – Ümumxalq Hüzn Günü” qeyd edilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda 20 Yanvar faciəsinin anım mərasimi keçirilmişdir.
AMEA-dan bildirmişlər ki, mərasimi giriş sözü ilə institutun direktoru İlham Məmmədzadə açmış, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Fəlsəfə elmləri doktoru İlham Məmmədzadə vurğulamışdır ki, XX əsr Azərbaycan tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-ci ilin 20 yanvar hadisələri milli müstəqillik yolunda xalqımızın şərəfli və yaddaqalan günlərindən biridir. Sovet imperiyasının mənfur repressiya siyasətinin nəticəsi olan bu hadisə xalqımıza çoxsaylı maddi və mənəvi zərbələr, itkilər gətirsə də, Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpası, xoşbəxt və işıqlı gələcəyinin tarixi məhz 20 yanvar - qara yanvardan başlanır. Bu hadisədən ciddi təsirlənən ulu öndərimiz Heydər Əliyev 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə birlikdə olduğunu bir daha nümayiş etdirmiş və bu hadisəyə ilk siyasi qiymətini vermişdir.
Məhz bu çıxışdan sonra 20 Yanvar hadisələri haqqında dünya mətbuatında geniş məlumatlar dərc edilməyə başlanılmışdır. Ümummilli liderimiz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra - 1993-cü ildə Milli Məclisdə 20 Yanvar hadisələrinə məhz onun rəhbərliyi və təşkilatçılığı ilə siyasi və hüquqi qiymət verilmişdir.
Mərasimdə çıxış edən digər natiqlər də 20 Yanvar hadisələri ilə bağlı xatirələrini danışmışlar.