20 Yanvar – Xalqımızın qəhrəmanlıq salnaməsi
Bakı, 17 yanvar, AZƏRTAC
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində təşkil olunmuş sərgiyə baxıblar.
Mərasimdən öncə 20 Yanvar faciəsi iştirakçılarının və şəhid ailələrinin Qaradağ rayon rəhbərliyi ilə görüşü olub.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirilib. Azərbaycan xalqının öz qürurunu itirmədiyi, onun iradəsinin qırılmadığı bildirilib. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvar milli matəm, hüzn günü kimi qeyd olunmasına baxmayaraq, eyni zamanda, tariximizdə bir qəhrəmanlıq səhifəsidir. İyirmi Yanvar hadisələrinin səbəbləri və nəticələri ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə daha dəqiq araşdırılaraq, faciənin hərbi təcavüz və cinayət olduğu sübut edildi və tam siyasi-hüquqi qiymətini aldı.
Qaradağ rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirilib.
Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı edilib.
Görüşdən sonra Mərkəzin zalında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş film nümayiş etdirilib və ədəbi-bədii kompozisiya göstərilib.