20 Yanvar Azərbaycan xalqının mübarizlik əzmini əks etdirən qürur günüdür
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilmişdir.
Əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri komitənin sədri Abbas Ələsgərov açmışdır. Bildirmişdir ki, qanlı yanvar faciəsindən 22 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını hələ də unutmur. Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur.
Komitənin şöbə müdiri Cahangir Qocayev faciənin törədildiyi tarixi şərait, onun başvermə səbəbləri və nəticələri barədə geniş məruzə ilə çıxış etmişdir. Vurğulamışdır ki, 20 Yanvar hadisəsi təkcə hüzn günü deyil, həm də Azərbaycan xalqının mübarizlik əzmini əks etdirən qürur günü kimi qeyd edilməlidir. Bildirilmişdir ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına axışaraq buna qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. SSRİ Müdafiə, Daxili İşlər nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin həyata keçirdiyi əməliyyatda xüsusi təyinatlı təxribat qrupları əsas rol oynamışdır. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında bir sıra millətlərin nümayəndələri, qadınlar və uşaqlar var idi.
Bu qətliam Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
C.Qocayev 20 Yanvar hadisələrinə ilk dəfə olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin prinsipial münasibət bildirməsini nəzərə çarpdırmış, qanlı cinayətin səbəblərinin araşdırılması və siyasi-hüquqi qiymət verilməsindən, həmçinin Prezident İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə görülən işlərdən söz açmışdır.
Mövzu ilə bağlı çıxış edənlər faciəni törədənlərin cəzalandırılacağına ümidlərini ifadə etmiş, 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin şərəfli səhifələrindən biri olduğunu söyləmişlər.