20 Yanvar Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin qəhrəmanlıq rəmzinə çevrilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Gəncliyə Yardım Fondunda (GYF) “20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra 20 Yanvar faciəsindən bəhs edən “Azadlığa gedən yollar” qısametrajlı filmi nümayiş olunmuşdur.
Tədbirdə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov, Türkiyənin Bakıdakı səfirliyinin müşaviri İsmayıl Çalışkan, GYF-nin baş katibi Nəcməddin Akbulut və başqaları çıxış edərək Azərbaycan xalqına qarşı bu vəhşilik aktının sovet imperiyasının dağılması prosesinə daha böyük təkan verdiyini diqqətə çatdırmışlar. Vurğulanmışdır ki, bu qanlı tarix Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin qəhrəmanlıq rəmzinə çevrilmişdir. Şəhidlərin əziz xatirəsinə ehtiram ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
“Dəyirmi masa”da bildirilmişdir ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdi. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmışlar.
Sonra Rusiya və Ukraynadakı Azərbaycan gənclər təşkilatlarının üzvləri ilə “Skype” vasitəsilə görüntülü əlaqə qurulmuş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.