20 Yanvar Azərbaycanın müasir tarixinə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev Qanlı Yanvar hadisələrindən danışıb. O qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, həm də xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gecə öz ölkəsinin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar.
Azərbaycan Silahlı Qüvvələri komandiri, Qarabağ qazisi Ülvi Qadir bildirib ki, 1990-cı ilin qanlı-qadalı günlərində Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirib.
Sonra Cəbrayıl rayonu akademik M.Mehdizadə adına tam orta məktəbin direktoru Şəlalə Qasımova “20 yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə I qrup əlil Qarabağ veteranı Cumayeva Rüxsarə, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev 20 Yanvar faciəsinin başvermə səbəblərindən və nəticələrindən danışıblar.
Sonra şəhid ailələrinin üzvləri o müdhiş gecədə yaşananlardan söz açıblar.
Sonda 20 yanvar şəhidi Nəriman Allahverdiyevin həyat yoldaşı Dilşad Məmmədova instituta 1918-1920-ci illərə aid Azərbaycanın ərazi bütövlüyünü əks etdirən xəritə hədiyyə edib.
Tədbir akademik M.Mehdizadə adına tam orta məktəbin şagirdlərinin çıxışı ilə yekunlaşıb.