20 YANVAR ƏLİLLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 20 Yanvar əlilləri ilə görüş keçirilmişdir. AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev onları müqəddəs Qurban bayramı münasibətilə təbrik etmiş, 20 Yanvar şəhidlərinin əziz xatirəsini daim uca tutan ümummilli liderimiz Heydər Əliyevin xalqımızın qəlbində sağalmaz yara olan faciənin günahkarlarının aşkara çıxarılması və bu qanlı hadisəyə siyasi qiymət verilməsindəki misilsiz xidmətlərindən söhbət açmışdır. Respublika rəhbərliyinin şəhid ailələrinin problemlərinin həlli üçün gördüyü ardıcıl tədbirləri xüsusi vurğulamışdır.
20 Yanvar Əlilləri Cəmiyyətinin üzvləri şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün son dövrlərdə həyata keçirilən tədbirlərə, onların ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Görüşdə Qurban bayramı münasibətilə 20 Yanvar əlillərinə maddi yardım edilmişdir.