20 Yanvar faciəsi azadlıq arzusunda olan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Beynəlxalq Mətbuat Mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi 20 Yanvar faciəsinə həsr olunmuş “Tarixin acısı-Qan yaddaşımız” adlı tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən idarənin rəisi Gültəkin Nəriman bildirmişdir ki, 1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulmuşdur. Həmin gün Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridilmişdir. İyirmi Yanvar hadisələri xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Bu faciənin Azərbaycan xalqına qarşı törədilmiş məqsədli qırğın, soyqırımı aktı kimi beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi vurğulanmışdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov 20 Yanvar faciəsinin xalqımızın tarixində ən ağır günlərdən biri olduğunu demişdir. Qeyd edilmişdir ki, illər keçsə də bu qanlı hadisələr xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır.
Digər çıxış edənlər bildirmişlər ki, 20 Yanvar faciəsi azadlığa, müstəqilliyə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirmişdir. Bildirilmişdir ki, həmin faciəli gündə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Bu qətliam xalqımızın birliyini, mübarizliyini daha da artırmışdır. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etmişdir. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatmış, milli azadlığına qovuşmuşdur.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin hazırladığı “Tarixin acısı-Qan yaddaşımız” adlı film nümayiş etdirilmişdir.