20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova 20 Yanvar faciəsini doğuran səbəblər və onun nəticələri barədə danışmışdır. Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası rəhbərlərinin göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox bölgəsinə yeridilmiş, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutulmuşdur. Torpaqlarımızın müdafiəsi naminə mübarizəyə qalxmış yüzlərlə silahsız insan, o cümlədən yaşlı, qadın və uşaqlar qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşlər.
S.Qəhrəmanova bildirmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Bu cinayət xalqımızın milli-azadlıq hərəkatını boğmağa yönəlmiş antihumanist siyasətin acı nəticəsidir. 20 Yanvar hadisəsi xalqımızın, millətimizin iradəsini qıra bilmədi. Əksinə, bu qanlı faciə onun müstəqil milli dövlət qurmaq arzusunu daha da gücləndirdi və xalqımız bu müqəddəs yolda daha da inamla addımladı.
Bakı Dövlət Universitetinin türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti Sənubər İsmayılova 20 Yanvar faciəsinin tarixindən, bu qırğına verilən siyasi-hüquqi qiymətdən danışmışdır. Qeyd olunmuşdur ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev vermişdir. Ulu öndər bu dəhşətli hadisəyə kəskin bəyanatla münasibətini bildirmiş, Bakıda törədilən qırğına siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu qətliama siyasi qiymət verilmiş, şəhidlərin xatirəsi əbədiləşdirilmiş, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Bakı şəhərində şəhidlərin xatirəsinə möhtəşəm abidə ucaldılmış, onların uyuduğu torpaq soydaşlarımız üçün and yerinə çevrilmişdir.