QAN YADDAŞI
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Beyləqanda geniş qeyd edilmişdir
Beyləqan, 19 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Beyləqan rayonunda silsilə tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ərəfəsində Heydər Əliyev muzeyində, bütün idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində konfranslar, yığıncaqlar təşkil edilmişdir.
Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatında keçirilmiş “20 Yanvar tariximizin şərəf səlnaməsidir” mövzusunda “dəyirmi masa”da çıxış edənlər 22 il əvvəl törədilmiş faciənin dəhşətlərindən danışmış, qanlı hadisəni Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq salnaməsi adlandırmışlar.
Rayon mədəniyyət evində keçirilən “Azadlıq toxumunu səpdi şəhidlər” mövzusunda tədbirdə çıxış edənlər qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söhbət açmışlar.
Rayon müsabiqələr mərkəzində “Azadlığa aparan yol” mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir. Mərasimdə rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak etmişlər.
Bundan əlavə, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol yarışı keçirilmişdir. Yarışda rayonun 10 ümumtəhsil məktəbinin komandaları iştirak etmişlər. Qaliblər gənclər və idman idarəsinin diplomu ilə mükafatlandırılmışlar.