20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Nazirliyin birlik və müəssisələrinin rəhbərliyinin, rabitəçi şəhidlərin ailə üzvlərinin iştirak etdiyi tədbirdə 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qanlı Yanvar hadisələrindən bəhs edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatlarında 131 nəfərin öldürüldüyünü, 744 nəfərin ağır xəsarət aldığını, 4 nəfərin itkin düşdüyünü, 400 nəfərin isə həbs edildiyini xatırladan nazir 4 rabitəçinin də həlak olduğunu qeyd etmişdir.
Ə.Abbasov vurğulamışdır ki, o hüznlü günlərdə ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş vəhşiliklərlə bağlı sovet imperiyasını kəskin tənqid etmişdir.
Nazir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə canından keçmiş bütün şəhidlərin adlarının Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində əbədiləşdirildiyini, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyini vurğulamışdır.
Sonda şəhid ailələrinin problemləri dinlənilmiş və həlli üçün müvafiq tapşırıqlar verilmişdir.