20 Yanvar faciəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək
Bakı, 19 yanvar, Elvira Məmmədova, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Əvvəlcə ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciəni əks etdirən sənədli film nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədov 1990-cı ilin Qanlı Yanvar günlərini xatırladıb, sovet imperiyasının törətdiyi bu dəhşətli cinayəti xalqımızın milli azadlıq hərəkatını boğmağa, ərazi bütövlüyümüzün qorunması naminə haqq səsimizi susdurmağa yönəlmiş siyasətin acı nəticəsi kimi dəyərləndirib. Bildirilib ki, həmin il yanvarın 19-dan 20-nə keçən gecə əliyalın insanlara, o cümlədən uşaqlara və qocalara divan tutulub, günahsız qanlar axıdılıb. Faciə nəticəsində 147 nəfər şəhid olub, yüzlərlə insan yaralanıb və qanunsuz həbs edilib.
Rektor vurğulayıb ki, həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. 20 Yanvar faciəsi başda M.Qorbaçov olmaqla, ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha sübut etdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsl niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi. İyirmi altı il əvvəl ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Zaman keçsə də, əsrlər ötsə də 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək.
Digər çıxış edənlər də bu kədərli günlə bağlı xatirələrini bölüşüb, şəhidlərin ruhuna rəhmət diləyiblər.
Sonda tələbələrin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub, şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.