QAN YADDAŞI
20 Yanvar faciəsinin ildönümü ilə bağlı daha bir anım tədbiri Pakistanda keçirilib
![](/files/galleryphoto/2020/1/1200x630/15796240394308419301_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15796240391889960523_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15796240393716255215_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15796240892188146103_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1579624089209126687_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1579624039157406141_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/157962403969983110_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15796240393587334517_1200x630.jpg)
İslamabad, 21 yanvar, AZƏRTAC
20 Yanvar - Ümumxalq Hüzn Gününün 30-cu ildönümü ilə əlaqədar Azərbaycanın Pakistandakı səfirliyinin və Pakistanın Preston Universitetinin birgə təşkilatçılığı ilə anım mərasimi keçirilib.
Diplomatların, media mənsublarının, akademik dairələrin, incəsənət adamlarının, ictimai xadimlərin, tələbələrin iştirak etdikləri tədbirdə Pakistanın Lok Virsa İrs Muzeyinin direktoru Səcid Munir çıxış edərək 20 Yanvar hadisələrinin qardaş Azərbaycan xalqının yaddaşına xüsusi həkk olunduğunu, Azərbaycanın müstəqilliyinin bərpasına təkan verdiyini vurğulayıb.
"20 Yanvar - Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi" adlı müsabiqə-sərgi komissiyasının rəhbəri S.Munir müsabiqə-sərgi, onun qalibləri haqqında məlumat verib.
Preston Universitetinin rektoru Abdul Basit 20 Yanvar hadisələrinin Azərbaycan tarixində xüsusi önəmini vurğulayıb, bu tarixi hadisənin ildönümünün Pakistanda Azərbaycan Səfirliyi ilə birgə daim qeyd edildiyini, şəhidlərinin xatirəsinin anıldığını bildirib.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik mübarizəsinin önəmli mərhələsi olduğunu, hətta erməniləşmiş sovet ordusunun xalqımızın azadlıq ideyalarını qıra bilmədiyini söyləyib, 20 Yanvar gününün tarixdə qanlı, eyni zamanda, şanlı bir gün olaraq qaldığını bildirib. O, ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrindən dərhal sonra verdiyi bəyanat nəticəsində Azərbaycan xalqının özünün yalnız olmadığını hiss etməsi ilə ölkəmizdə müstəqillik hərəkatının yeni vüsət aldığını və genişləndiyini, hərəkatın sonda Azərbaycanın müstəqilliyinin yenidən bərpa edilməsi ilə nəticələndiyini qeyd edib.
Səfir Pakistanın müstəqil Azərbaycanı ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayıb və təcavüzkar Ermənistanı bir dövlət kimi bu günədək tanımadığına görə Pakistan dövlətinə və xalqına təşəkkür edib. O, Azərbaycan və Pakistan xalqlarının hər zaman öz şəhidlərinin xatirəsini əziz tutduğunu, onları minnətdarlıqla yad etdiyini və hazırkı anım mərasiminin də bunun bariz nümunəsi olduğunu vurğulayıb. Ə.Əlizadə, həmçinin 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə bağlı Preston Universitetində tələbələrin və həvəskar rəssamların iştirakı ilə rəsm müsabiqəsi və sərgi keçirildiyini qeyd edib, sərginin təşkilində əməkdaşlığa görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan rəsm müsabiqəsinin qaliblərinə və sərgi iştirakçılarına pul mükafatları, sertifikatlar və hədiyyələr təqdim olunub, Preston Universitetinin tələbələri müxtəlif səhnəciklər nümayiş etdirib.
Tədbirdə Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, jurnallar və digər əyani materiallar paylanılıb, 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti və şəhidlərin əziz xatirəsi ilə bağlı videoçarx nümayiş etdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad