20 Yanvar hadisələri həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndirilir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilmişdir.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov 20 Yanvar hadisələri və onun nəticələri barədə danışmışdır. Bildirmişdir ki, 20 Yanvar hadisələrini biz həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndiririk. Azərbaycan torpaqlarının 20 faizindən çoxu təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş, bir milyondan çox soydaşımız tarixi ata-baba yurdundan didərgin düşmüş, 20 mindən çox soydaşımız həyatını itirmiş, 50 mindən çox vətəndaşımız isə əlil olmuşdur. Bu gün də Azərbaycan Ermənistan ilə müharibə şəraitində yaşayır.
Rəsmi qaydada təcavüzkar dövlətlə Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunduğunu deyən professor qeyd etmişdir ki, müharibə hərbi müstəvidən diplomatiya və informasiya müstəvisinə keçmişdir. Prezident İlham Əliyev bu vacib istiqamətdə çox səmərəli və uzaqgörən siyasət həyata keçirir. Həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin bütün dünya ictimaiyyətinə lazımınca çatdırılmasına çox böyük əzmlə, fədakarlıqla çalışır.
Rektor 20 Yanvar faciəsindən danışarkən bu hadisəyə verilən hüquqi-siyasi qiymətə toxunmuşdur. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin respublikamızda xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasından sonra 20 Yanvar faciəsinə obyektiv hüquqi-siyasi qiymət verilmişdir. Məhz ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə yanvarın 20-si ölkəmizdə ümumxalq hüzn günü elan edilmişdir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid soydaşlarımızın xatirəsi həmin gün dövlət səviyyəsində böyük ehtiramla yad edilir.
Anma mərasimində ADPU-nun kafedra müdiri, dosent Rəcəb Əliyev və universitetin müəllimi Taleh Cəfərov mövzu ilə bağlı məruzə etmişlər. Məruzələrdə qeyd edilmişdir ki, 20 Yanvar tariximizin elə səhifəsidir ki, illər, əsrlər ötsə də, bu gün heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Xalqımıza qarşı bu bəşəri cinayəti törədənlər isə həmişə lənətlənəcəklər.
Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı videofilm nümayiş etdirilmişdir.