20 Yanvar şəhidlərinin əziz xatirəsi Təbrizdə də anılmışdır
Tehran, 19 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğunda anma mərasimi keçirilmişdir. Mərasimdə Türkiyənin Təbrizdəki Baş konsulluğunun kollektivi, şəhər ictimaiyyətinin təmsilçiləri, yerli mətbuat nümayəndələri iştirak etmişlər. Əvvəlcə 20 Yanvar hadisələri zamanı lentə alınmış videokadrlardan hazırlanmış sənədli film nümayiş etdirilmiş, iştirakçılara hadisənin təfərrüatları barədə əyani vəsaitlər paylanılmışdır.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra mərasimi giriş sözü ilə açan baş konsul Əli Əlizadə 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri və ağır mənəvi, psixoloji və sosial nəticələri barədə ətraflı məlumat vermişdir. Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən Ə.Əlizadə bildirmişdir ki, faciənin törədilməsindən əsas məqsəd Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olmuşdur. O vaxt xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etmiş və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Uzun illər bu hadisəyə siyasi qiymət verilməmiş, bəzi maraqlı qüvvələr bu qanlı cinayətin unudulmasına çalışmışlar. Lakin ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaqdır.
Azərbaycan xalqına, 20 Yanvar faciəsinin günahsız qurbanlarının yaxınlarına dərin hüznlə başsağlığı verən Türkiyənin Təbrizdəki baş konsulu Yunus Belet bildirmişdir ki, Vətən və torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsini fəth edib öz xalqının qəlbində əbədi yaşayırlar. 20 Yanvar Azərbaycan xalqı üçün qanlı faciə olmaqla bərabər, müstəqillik uğrunda mübarizə tarixinin şərəfli salnaməsidir.
Mərasim keçirilən salonda 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotostend qurulmuş, Azərbaycana qarşı erməni təcavüzünün tarixi ilə bağlı kitablar sərgilənmişdir.
Sonda ehsan süfrəsi açılmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran