20 Yanvar şəhidlərinin fədakarlığı gələcək nəsillər üçün qəhrəmanlıq örnəyidir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da 20 Yanvar - Ümumxalq hüzn günü münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) anım mərasimi keçirilmişdir.
ASC-in mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən “Azərsu” ASC-in sədri Qorxmaz Hüseynov 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayaraq qeyd etmişdir ki, 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən xalq Bakının küçə və meydanlarına çıxaraq cərəyan edən proseslərə etirazını bildirmişdir. Xalqın mübarizə əzmini qırmaq istəyən SSRİ rəhbərliyinin göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtına və böyük şəhərlərinə xüsusi təyinatlı qoşunlar yeridilmiş və dinc xalqa qarşı qırğınlar törədilmişdir. Nəticədə 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdır.
Q.Hüseynov diqqətə çatdırmışdır ki, Azərbaycan xalqının ən çətin günlərində də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdir. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xarici jurnalistlər qarşısında çıxış etmiş, Mixail Qorbaçov başda olmaqla, imperiya rəhbərliyinin xalqımıza qarşı düşmən siyasətini qətiyyətlə ifşa etmişdir. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində verilmişdir.
Tədbirdə çıxış edən şəhid ailəsinin üzvü, “Azərsu” ASC-in baş energetiki Vilayət İbadov, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, şöbə rəisi Əvəz Nəbiyev və digərləri xalqımızın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsini pisləyərək, şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu qeyd etmişlər.