20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
SMPDK-nın sədri Ramiz Həsənov faciəni doğuran səbəblər və onun acı nəticələri barədə danışmışdır. Bildirmişdir ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmışdır.
Komitə sədri Prezident İlham Əliyev tərəfindən 20 Yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin ailələrinin, hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə əməli tədbirlər görüldüyünü diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edənlər də Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edəcəklərini demişlər.