20 Yanvar şəhidlərinin xatirəsi Mərkəzi Seçki Komissiyasında anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Mərkəzi Seçki Komissiyasında (MSK) 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anma tədbiri keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, 20 Yanvar faciəsi zamanı şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirmişdir ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməzliyinin simvoluna çevrilmişdir. Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet hərbi birləşmələrinin yeridilməsinin Azərbaycanda böyük faciəyə gətirib çıxardığını söyləyən MSK sədri qeyd etmişdir ki, Azərbaycanın o vaxtkı səriştəsiz rəhbərlərinin xalqla bir olmağa cəsarəti çatmamışdır.
Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyevin həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldiyini xatırladan sədr bildirmişdir ki, Ulu Öndər o zaman Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmiş, xarici KİV-lərin iştirakı ilə mətbuat konfransı keçirərək xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdır.
M.Pənahov xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini və cinayəti törədənlərin adlarının ictimaiyyətə çatdırıldığını, 20 Yanvarın Ümumxalq Hüzn Günü elan edildiyini də yada salmışdır. O, 20 Yanvar faciəsinin qurbanlarına rəhmət diləyərək şəhidlərimizin xatirəsinin qəlbimizdə əbədi yaşayacağını söyləmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov, MSK-nın üzvləri Şaitdin Əliyev, Almaz Qəhrəmanlı, Nizami Nadirov və Bəxşeyiş Əsgərov çıxış edərək 20 Yanvar hadisələrini Ümummilli Hüzn Günü olmaqla yanaşı, tariximizin şərəfli səhifələrindən biri kimi xarakterizə etmişlər.