20 Yanvar şəhidlərinin xatirəsi Rumıniyada da anılmışdır
Buxarest, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi tərəfindən Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun və ARDNŞ-in Rumıniya nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının əməkdaşları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk və tatar icmalarının, qeyri-hökumət təşkilatlarının, həmçinin KİV-lərin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbirin iştirakçıları 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuşlar. Sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin, sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açmış, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırmışdır. E.Həsənov ulu öndər Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulamış, həmin hadisələrə ümummilli liderin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırmışdır.
Çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşun birləşmələri tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əmin olduqlarını söyləmişlər.
Sonra “Azadlığa aparan yollar” sənədli filmi nümayiş olunmuşdur.
Səfirlik tərəfindən 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş mətbuat məlumatı Rumıniyadakı bütün səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, nazirlik və digər dövlət strukturlarına, eləcə də qeyri-hökumət təşkilatlarına göndərilmişdir. Ölkə KİV-lərində 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc etdirilmişdir.